MƏDƏNİYYƏT
Azərbaycanlı rəssam Türkiyədə mükafata layiq görülüb
İstanbul, 30 mart, AZƏRTAC
Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi həmyerlimiz, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovu “2022-ci il sənət” mükafatına layiq görüb.
AZƏRTAC xəbər verir ki, mükafat Rəhim Məmmədova bu il mayın 13-də İzmirdə keçiriləcək Beynəlxalq Rəsm Sərgisi və Mükafatlandırma mərasimində təqdim olunacaq.
Türkiyəyə 1995-ci ildə yerləşən Rəhim Məmmədov qardaş ölkənin Kayseri vilayətinin Ərciyəz Universitetinin Gözəl sənətlər fakültəsinin rəsm bölümündə müəllim olaraq fəaliyyətini davam etdirib. 1996-2003-cü illər ərzində eyni bölümün rəhbəri seçilən rəssam 2003-2010-cu illərdə bu fakültənin dekanı olub. Hazırda həmyerlimiz İzmirdə yerləşən özünəməxsus emalatxanada fəaliyyətini davam etdirir.
Rəssamın Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Avropanın bir sıra ölkələrində fərdi sərgiləri açılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul