SİYASƏT
AZƏRBAYCANLILARIN SOYQIRIMI ERMƏNİLƏR TƏRƏFİNDƏN XALQIMIZA QARŞI ƏSRLƏR BOYU TÖRƏDİLMİŞ ƏN DƏHŞƏTLİ FACİƏDİR
MİLLİ SİYASƏT MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT MÜŞAVİRİ HİDAYƏT ORUCOVUN MƏTBUAT KONFRANSI
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Prezident Aparatında mətbuat konfransı keçirmişdir. O, jurnalistlər qarşısında çıxış edərək demişdir:
- İki əsrə yaxın bir dövrdə erməni millətçiləri bir sıra imperialist qüvvələrin dəstəyi ilə soydaşlarımızı Qərbi Azərbaycandan, öz tarixi-etnik torpaqlarından deportasiya etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Bu müddət ərzində bir milyona qədər azərbaycanlı qətlə yetirilmiş, iki milyona qədər soydaşımız öz yurdundan didərgin salınmış, ağır məşəqqətlərə məruz qalmışlar.
İnsanlığa zidd olan bu proseslər, əsasən, Azərbaycan çar Rusiyasının, sonralar isə SSRİ-nin tərkibində olduğu vaxtlar baş vermişdir. Hər iki dövlətin ikili standart yeritməsi nəticəsində bu proseslərin qarşısı alınmamış və bir çox məqamlarda erməni millətçiləri həm çar Rusiyasının, həm də Sovet İttifaqının hakim dairələri tərəfindən bu və ya başqa şəkildə dəstəklənmişlər.
Yalnız Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımız, ümumiyyətlə, insanlıq əleyhinə yönəldilmiş belə cinayətkar əməllərə, soyqırımına birmənalı münasibət bildirmiş və Azərbaycan Prezidentinin qətiyyəti sahəsində bu açı həqiqətlər dünya ictimaiyyətlərinə çatdırılmağa başlanmış, məlum fərman verilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı deportasiya siyasəti Gülüstan \1812\ və Türkmənçay \1828\ müqavilələrindən sonra daha amansız və ardıcıl şəkildə həyata keçirilmişdir. Türkmənçay müqaviləsindən az sonra, yəni 1828-ci il martın 21-də, azərbaycanlıların müqəddəs Novruz bayramı günündə Rusiya imperatoru Naxçıvan və İrəvan xanlıqları hesabına erməni vilayətinin yaradılması haqqında fərman vermişdi. Həmin fərmanda İrəvan şəhərinə, onun ətrafına və Naxçıvanın bir hissəsinə İrandan ermənilərin göçürülməsi nəzərdə tutulurdu. 1828-1830-cu illərdə İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni həmin bölgəyə köçürüldü. Beləliklə, gələcəkdə burada etnik tərkibi ermənilərin xeyrinə dəyişdirmək kimi məkrli niyyət baş tutdu. 1828-ci ilədək İrəvan şəhərində 7 min 331 nəfər azərbaycanlı, 2 min 364 nəfər erməni yaşayırdı.
Rusiya Cənubi Qafqazı işğal edənədək İrəvan xanlığındakı 1301 kənddən 959-u azərbaycanlı kəndləri idi. Orada əhalinin cəmi 3 faizini ermənilər təşkil edirdilər. Bu faktlar və rəqəmlər erməni mənbələrindən, erməni tarixçiləri və alimlərinin X1X əsrin sonlarında, XX əsrin əvvəllərində çap olunmuş əsərlərindən götürülmüşdür.
Bu siyasətin Sovet hakimiyyəti illərində də davam etdirildiyini bildirən dövlət müşaviri dedi ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, dağlıq ərazidə yaşayan bu insanlar Azərbaycanın aran zonasına- Kür-Araz ovalığında yerləşdirilmişdi. 1988-ci ildə isə azərbaycanlılar Ermənistandan tamamilə köçürüldülər və beləliklə, Ermənistan dünyada, əslində, yeganə monoetnik dövlətə çevrildi.
H.Orucov xatırlatdı ki, erməni millətçilərinin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yeritdikləri soyqırımı siyasətinə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra münasibət bildirilmişdir. Soyqırımının təhqiq edilməsi məqsədi ilə hökumət 1918-ci il iyulun 15-də Fövqəladə istintaq komissiyası yaratmış və o, çox böyük iş görmüşdü. 1919 və 1920-ci illərdə 31 mart matəm günü kimi qeyd edilmişdir.
Lakin bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər ölkəmiz yenidən müstəqillik qazandıqdan sonra, bilavasitə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə görülməyə başlanmışdır. Respublika Prezidenti 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, 1999-cu il martın 30-da isə həmin fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı tədbirlər planı haqqında sərəncam vermişdir.
Dövlət müşaviri daha sonra 31 mart - azərbaycanlıların soyqırımı günü ilə əlaqədar respublikamızda görülən tədbirlərdən danışdı.
H.Orucov sonra kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verdi.