İQTİSADİYYAT
“Azercell Telekom” “İlin şirkəti” seçilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). “Azercell Telekom” MMC-nin uğurları sırasına daha bir mükafat əlavə olunmuşdur. Şirkət növbəti dəfə “Consulting and Business” jurnalının təsis etdiyi “İlin şirkəti” milli biznes mükafatına layiq görülmüşdür. “Azercell” Azərbaycanda telekommunikasiya sahəsinin inkişafında həyata keçirdiyi təşəbbüslərinə görə sözügedən mükafatla təltif olunmuşdur.
Mükafatın təqdimetmə mərasimində şirkətin müştərilərlə əlaqələr departamentinin direktoru Ruhiyyə Əliyeva “Azercell”in son layihələri - Qafqaz Universitetində tələbələr üçün təsis edilən 3G test laboratoriyasından, mobil texnologiya kurslarından, Barama İnnovasiya Mərkəzinin fəaliyyətindən danışmışdır. R.Əliyeva “Azercell Telekom”un uğurlu fəaliyyətinin nəticəsi kimi, şirkətin bir sıra beynəlxalq mükafatlara layiq görüldüyünü diqqətə çatdırmış və şirkətin gələcəkdə də abonentlərini texnoloji yeniliklərlə sevindirməkdə davam edəcəyinə əmin olduğunu bildirmişdir.
“İlin şirkəti” milli mükafatını “Minimax Media Holdinq” tərəfindən nəşr olunan aylıq “Consulting & Business” aparıcı analitik informasiya jurnalı 2006-cı ildə təsis etmişdir. Mükafat hər il ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkətlərə təqdim olunur.