İQTİSADİYYAT
“Azercell”in prezidenti dünya iqtisadi liderlərinin London konfransında iştirak etmişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan Londonda keçirilmiş “İnkişafda olan ölkələr üzrə sammit-2011” konfransında iştirak etmişdir. Dünya iqtisadi nəşrləri sırasında ən məşhur dərgilərdən olan “The Economist”in təşkilatçılığı ilə baş tutan və “Azercell”in də sponsorluq etdiyi konfransda 20-dən artıq ölkənin təmsilçiləri bir araya gəlmişlər.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Ali Ağan “Şərqi Avropa: yeni imkanlar necə və harada tapılmalıdır” mövzusunda məruzə etmişdir. Azərbaycan iqtisadiyyatının sürətli inkişafını vurğulayan “Azercell”in prezidenti qeyd etmişdir ki, Dünya Bankının 2008-ci il üçün hesabatına uyğun olaraq, Azərbaycanda adambaşına düşən gəlir üzrə sürətli artım müşahidə edilir. Ölkədə dövlət tərəfindən informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirilir.
Şirkətin həyata keçirdiyi yeniliklərdən danışan A.Ağan bildirmişdir ki, kontur sistemi manat sisteminə keçirilmiş, onlayn rejimdə işləyən tarif kalkulyatoru, onlayn müştəri xidməti yaradılmışdır. Şirkət yerli universitetlərlə birgə “Mobil texnologiya” kursları təşkil etmiş və 3G laboratoriyası, Barama İnnovasiya Mərkəzi yaratmışdır.
######