CƏMİYYƏT
“AzerGold” QSC Daşkəsən və Göygöl rayonlarında sosial yardım aksiyası keçirib
Bakı, 2 may, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət göstərdiyi bölgələrdə növbəti sosial yardım aksiyası keçirilib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, Cəmiyyətin Korporativ Sosial Məsuliyyət Komitəsinin yerli əhali və icmalarla iş prioritetləri uyğun olaraq təşkil edilən aksiya çərçivəsində Göygöl rayonunun Tülallar, Daşkəsən rayonunun Quşçu, Şadax, Bayan kəndlərində yaşayan 250-dən çox aztəminatlı ailəyə gündəlik istehlak səbətinə daxil olan müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylanıb. Aksiyanın məqsədi Müqəddəs Ramazan bayramı münasibətilə aztəminatlı ailələrin sosial ehtiyaclarının təmin olunmasına dəstək göstərmək və əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaqdır.
Xatırladaq ki, “AzerGold” QSC ölkəmizin aparıcı dağ-mədən şirkəti olaraq fəaliyyət göstərdiyi bölgələrin iqtisadi inkişafına töhfələr verməklə yanaşı, həmin regionda yaşayan əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aidiyyəti üzrə sosial tədbirlər, müxtəlif xeyriyyə aksiyaları icra edir. Daşkəsən rayonunda Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndlərin sakinləri Cəmiyyət tərəfindən mütəmadi olaraq təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar. Sosial Təsir və Məsuliyyət Siyasəti çərçivəsində təşkil edilən bu tip tədbirlər dövlət proqramlarına dəstək məqsədi daşımaqla yanaşı, bu bölgədə yaşayanların, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin qayğı ilə əhatələnməsinə, onların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.