İQTİSADİYYAT
«Azərikimya» dəmiryolçularının yeni sistem üzrə texniki attestasiyası başa çatmışdır
Sumqayıt, 8 iyun (AZƏRTAC). «Azərikimya» İstehsalat Birliyi (İB) Nəqliyyat və xüsusi texnika İdarəsinin dəmiryol sahələrində fəhlə və mühəndislərin peşə səriştəliliyi və əməyin təhlükəsizliyi ilə bağlı attestasiyası uğurla başa çatmışdır.
“Azərikimya” İB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, birliyin müəssisələrində istehsal olunan müxtəlif kimyəvi məhsulların, həmçinin son iki ildə istehsalatlarda geniş miqyasda aparılan modernləşmə üçün lazım olan qurğu və avadanlıqların, maşın və mexanizmlərin daşınması əməliyyatlarının əsas hissəsini məhz dəmiryolçular yerinə yetirirlər. Kimya istehsalatı sahələrinin ahəngdar işləməsinin təmin olunmasında onların üzərinə mühüm vəzifələr düşür. Buna görə də dəmir yolunda bütün işlər yüksək məsuliyyət, həmçinin texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tələb etdiyindən işçilərin texniki hazırlığı və vaxtaşırı attestasiyadan keçməsi zəruridir.
Bu səbəbdən də dəmiryolçular çətin və mürəkkəb neft-kimya istehsalatının xüsusi tələbləri nəzərə alınmaqla yeni proqram və yeni sistem üzrə başlanılmış texniki attestasiyaya hazırlıq ərəfəsində həm kollektiv və həm də fərdi şəkildə müvafiq peşə və təhlükəsizlik təlimatları keçmişlər.
Bunun nəticəsidir ki, 140 nəfərə yaxın əməkdaşı olan dəmir yolunda fəhlə və ustalardan tutmuş mühəndislərədək hamı attestasiyadan uğurla keçmişdir. Attestasiya zamanı yaxşı hazırlıq və nəzəri bilik nümayiş etdirən müxtəlif mütəxəssislərin peşə dərəcələrinin artırılması, bəzi qatar tərtibçiləri və maşinist köməkçilərinin isə maşinist vəzifəsinə keçirilməsi tövsiyə olunmuşdur.