İQTİSADİYYAT
“Azərikimya” İB-in Almaniyanın GİCON firması ilə əməkdaşlığı uğurla davam edir
Sumqayıt, 31 may (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyində Sumqayıtın kimya müəssisələrinin çirkləndirilmiş ərazilərinin təmizlənmə konsepsiyasının hazırlanması planına uyğun olaraq görülmüş işlərə baxış keçirilməsi və çirkləndirilmiş ərazilər haqqında məlumat bazasının yaradılması məqsədi ilə Almaniyanın GİCON firmasının nümayəndələri ilə növbəti müzakirələr aparılmışdır.
“Azərikimya” İB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müzakirələrdə GİCON şirkətinin mütəxəssisləri Bernd Schreiber və Jana Ziemer, Sumqayıt şəhəri üzrə ekspert Hartmut Junge və layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova iştirak etmişlər.
Ötən ilin sentyabrında “Azərikimya” İB-də “Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi” mövzusunda 3 günlük konfrans keçirilmiş, Birlik və Almaniyanın GİCON şirkəti arasında PPP (İctimai özəl əməkdaşlıq) layihəsi çərçivəsində 2 illik saziş imzalamışlar.
Alman mütəxəssisləri bir həftə ərzində “Azərikimya” İB-in müəssisələrində olmuş, etilen-polietilen zavodunun rəhbərliyi və ekologiya üzrə mütəxəssisləri ilə birgə müəssisə ərazisində ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar bütün istehsalat sahələrində müşahidə-tədqiqat işləri aparmış və iki istiqamət üzrə - çirklənmiş ərazilər və zərərli sənaye tullantıları haqqında məlumat toplamışlar.
GİCON-un nümayəndələri ilkin olaraq etilen-polietilen zavodunda fəaliyyəti dayandırılmış butadien istehsalatının ərazisi üzrə müvafiq məlumat toplusunu hazırlayaraq Birliyə təqdim etmişlər. Bu işin davamı olaraq alman mütəxəssisləri müqavilə müddəti ərzində toplanmış bütün ilkin məlumatlar əsasında çirklənmiş ərazilərin kadastrını hazırlayacaq və görüləcək tədbirlər planını tərtib edəcəklər. Sonrakı mərhələlərdə işləri “Azərikimya” İB-in mütəxəssisləri davam etdirəcəklər.