İDMAN
“AZƏRİKİMYA” İSTEHSALAT BİRLİYİNDƏ İLK SAĞLAMLIQ SPARTAKİADASI KEÇİRİLİR
Bakı, 17 iyun (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi (İB) Sumqayıtın idman həyatının daha da canlanmasına səbəb olmuş yarışlardan - məktəblilər arasında şahmat üzrə şəhər birinciliyindən, “Top festivalı”ndan sonra sağlamlıq spartakiadasına start vermişdir.
İB-nin idman-konsert sarayında kimyaçıların sağlamlıq spartakiadasının təntənəli açılış mərasimi olmuş və müəssisələrarası idman yarışlarının ilk oyunları keçirilmişdir. İdman bayramı Səthi aktiv maddələr zavodunun və Sumqayıtda kimya sənayesinin yaradılmasının 65 illiyinə həsr olunmuşdur.
Mərasimdə çıxış edən “Azərikimya” İB Həmkarlar İttifaqı Komitəsinin sədri, spartakiadanın baş hakimi Vaqif Ömərov kimyaçılar arasında idmanın həmişə kütləvi olduğunu qeyd etmiş, qurumun “Kimyaçı” İdman Cəmiyyətinin klubunda, idman-konsert kompleksində, həmçinin müəssisələrin idman zallarında bunun üçün əlverişli şəraitin yaradıldığını vurğulamışdır.
İB-nin baş direktoru Muxtar Babayev, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Akif Zeynalov, şəhər gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov spartakiada iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulamışlar. Yarışlarda iştirak edən komandalar - Səthi aktiv maddələr, “Üzvi sintez”, Etilen-polietilen zavodlarının və İB idarə aparatının komandaları “Kimyaçı” İdman Cəmiyyətinin sədri, idman ustası Eldar Məmmədovun rəhbərliyi ilə meydana daxil olmuşlar.
Spartakiadanın ilk günü keçirilən kəndirdartma yarışlarında “Üzvi sintez” zavodunun komandası qalib olmuş, yubilyar müəssisənin - Səthi aktiv maddələr zavodunun komandası 2-ci, Etilen-polietilen zavodunun idmançıları isə 3-cü yeri tutmuşlar. Gənclərlə bərabər yaşlı nəslin nümayəndələrinin də iştirak etdiyi daş qaldırma yarışlarında Səthi aktiv maddələr zavodunun komandası yüksək nəticə göstərərək bu növ üzrə spartakiadanın mütləq qalibi olmuşdur.
İyun ayı ərzində davam edəcək spartakiadada futbol, voleybol, yüngül atletika, stolüstü tennis, şahmat, dama və nərd üzrə yarışların, habelə “Atam, anam və mən” ailə estafetinin keçirilməsi nəzərdə tutulmuşdur.
Qaliblər “Azərikimya” İB-nin qiymətli hədiyyə və xüsusi diplomları ilə mükafatlandırılacaqlar.