İQTİSADİYYAT
“AZƏRİKİMYA” İSTEHSALAT UĞURLARINI DAVAM ETDİRİR
AZƏRBAYCAN KİMYAÇILARI BU İLİN 9 AYINDA YÜKSƏK NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞLƏR
Nazirlər Kabinetinin cari ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasında ölkəmizin iqtisadiyyatının yüksək templə inkişaf etdiyi, sənaye istehsalı həcminin sürətlə artdığı xüsusi qeyd olunmuşdur. Əldə edilmiş uğurlarda "Azərikimya" Dövlət Şirkətinin də xüsusi rolu vardır.
Sənaye məhsullarının ən vacib növlərinin istehsalçılarından biri olan "Azərikimya"nın müəssisələri bu ilin 9 ayında xüsusilə yüksək istehsalat nailiyyətləri əldə etmişlər. Həmin müddətdə keçən ilin müvafiq dövrünə nisbətən əmtəəlik məhsul istehsalının həcmi 60 faizə qədər artmışdır. Kimyaçılar sentyabrda işin yüksək ahəngdarlığını saxlayaraq və texnoloji avadanlığın gücündən maksimum istifadə edərək, aylıq istehsal həcminin 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmasına nail olmuşlar. İlin əvvəlindən uğurla işləyən etilen-polietilen, səthi aktiv maddələr və “Sintezkauçuk" zavodlarında daha yüksək nailiyyətlər qazanılmışdır.
Ölkə prezidentliyinə seçkiləri yüksək istehsalat göstəriciləri ilə qarşılayan kimyaçılar, ötən dövrdə tapşırıqdan əlavə xeyli yüksək keyfiyyətli polietilen, kaustik soda (maye), propilen, piroliz qatranı, butadien-divinil fraksiyası, ağır qətran, azot və s. istehsal etmişlər.
Cari ilin 9 aylıq məhsul satışı tapşırığına keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 qat artıq əməl edilmişdir. Məhsullarının əksər hissəsinin əsas etibarilə xarici ölkələrə - İtaliya, İspaniya, Belçika, Türkiyə, İran, Latviya, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan və digər ölkələrə ixrac olunduğu "Azərikimya"nın çoxminli kollektivi son illər məhsulların keyfiyyətini və istehsal həcmini daha da artırmağa nail olduğundan, bununla da etibarlı tərəfdaş kimi xarici şirkət və firmaların etimadını qazana bildiyindən şirkətin sifarişçilərinin sayı ildən-ilə artır.
Şirkətin kollektivi Sumqayıt şəhərinin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində də başladıqları genişmiqyaslı işləri böyük əzmkarlıqla davam etdirməkdədirlər. Son 2 il ərzində neft-kimya zavodlarının ərazisində və zavodətrafı sahələrdə 22 mindən artıq həmişəyaşıl şam və zeytun ağacları əkilmiş, zavodətrafı ərazilərdə 70 hektardan artıq sahə abadlaşdırılaraq yaşıl zonaya çevrilmişdir. Şirkətin kimyaçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq oktyabr ayını ağacəkmə və zavodətrafı əraziləri yaşıllaşdırma aylığı elan etmişlər.
Hazırda Bakı-Quba yolunun kənarında zavodlarətrafı ərazilər abadlaşdırılaraq su xətləri çəkilir, münbit torpaq daşınır və ilin sonuna qədər burada 10 mindən artıq şam ağacı əkiləcəkdir.
Ölkəmizin yeni neft-kimya kompleksinin yaradılması ideyası da kimyaçılarda böyük ruh yüksəkliyi yaratmış, sahənin sabahına, onun böyük gələcəyinə olan inamı xeyli artırmışdır. Ən yeni texnologiyalar əsasında yaradılacaq və müasir beynəlxalq standartlara cavab verəcək yeni neft-kimya kompleksi Azərbaycanı regionda ən müxtəlif neft-kimya məhsullarının, o cümlədən azot gübrələrinin istehsalçısına çevirəcək, ölkəmizin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaqdır.
Yeni neft-kimya kompleksinin yaradılması işinin ilk mərhələlərini uğurla davam etdirən "Azərikimya" Dövlət Şirkətinin kollektivi qarşıdakı aylarda da yüksək məhsuldarlıqla çalışaraq, ili daha böyük istehsalat nailiyyətləri ilə başa çatdırmaq əzmindədirlər.