İQTİSADİYYAT
“Azəriqaz” İB-nin abonentlərinin sayı artmışdır
Bakı, 9 iyul (AZƏRTAC). Cari ilin 5 ayı ərzində Ağdam, Şamaxı, Füzuli, Quba, Masallı, Beyləqan, Ağcabədi, Goranboy, Salyan, İsmayıllı, Ağsu, Lənkəran, Yardımlı, Göygöl, Sabirabad, Balakən, İmişli və Tərtər rayonlarında yaşayış məntəqələrinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, “Azəriqaz” İB üzrə 2012-ci ilin 5 ayı ərzində 47 min 370 yeni abonent qeydə alınaraq əhali abonentlərinin sayı 1 milyon 392 min 875-ə çatdırılmışdır. Birliyin tabeçiliyində olan qaz istismar sahələrinin xidməti ərazisində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 2012-ci ilin 5 ayı ərzində qaz istismar sahələrinin daxili imkanları hesabına 245635 poqonmetr müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilmiş və ya çəkilmişdir. Bunlardan 40233 p/m Bakı şəhəri, 205401 p/m isə regionlardakı qaz istismar sahələri üzrədir.
Eyni zamanda 2012-ci ilin 5 ayı ərzində Qaz istismar sahələri tərəfindən 105489 ədəd qaz sayğacı (Bakı şəhəri üzrə 36559 ədəd, regionlar üzrə 68930 ədəd), 304 ədəd qaz tənzimləyici (Bakı şəhəri üzrə 116 ədəd, regionlar üzrə 188 ədəd) və 468 ədəd müxtəlif diametrli siyirtmələr (Bakı şəhəri üzrə 107 ədəd, regionlar üzrə 361 ədəd) quraşdırılmışdır.