İQTİSADİYYAT
“Azəriqaz” İB Olimpiya stadionunun tikintisi ilə bağlı genişmiqyaslı işlər görmüşdür
Bakı, 28 aprel (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) Bakı şəhərində inşa olunan Olimpiya stadionunun tikintisi və Ziya Bünyadov prospektinin genişləndirilməsi ilə əlaqədar genişmiqyaslı işlər həyata keçirir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, prospektin genişləndirilməsi ilə əlaqədar olaraq, yolun mühafizə zonasında qalan mövcud qaz kəmərlərinin yeri dəyişdirilmiş, genişlənən hissənin altında qalmış xətlərinin yerinə 4 min 110 metr yeni polietilen borular çəkilmişdir.
Stadionun tikinti ərazisinə düşən Əzizbəyov Qazpaylayıcı Stansiyasının (QPS) ləğv olunaraq əvəzinə yeni Qazpaylama Məntəqəsinin (QTM) tikintisi məqsədilə 790 metr uzunluğunda boru xətləri çəkilmişdir. Həmçinin, uzunluğu 138 metr olan futlyar qoyulmuş, 3 ədəd bağlayıcı klapan, 3 ədəd qaztənzimləyici və 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Əzizbəyov QPS-in ləğv olunması və Z.Bünyadov prospektində tunelin tikintisinə mane olan xətlərin yerinin dəyişdirilməsi ilə əlaqədar müvəqqəti olaraq ümumi uzunluğu 836 metr olan müxtəlif diametrli kəmərlər çəkilmişdir. Sabunçu dairəsində yeni yol qovşağının tikintisi ilə əlaqədar olaraq ümumi uzunluğu 395 metr olan müxtəlif diametrli qaz kəmərləri köçürülmüşdür.
Bundan başqa, Gön-Dəri zavodunun ərazisindən keçməklə Z.Bünyadov prospekti ilə çəkilmiş 2 ədəd polietilen qaz 2 xəttinin Heydər Əliyev prospektinə qədər davam etdirilməsi üçün 1700 metr uzunluğunda qaz xəttinin çəkilməsi də nəzərdə tutulur.