İQTİSADİYYAT
“Azəriqaz” İstehsalat Birliyində əməyin mühafizəsinə dair tədbir keçirilmişdir
Bakı, 26 aprel (AZƏRTAC). Aprelin 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində (İB) “Peşə xəstəliklərinin profilaktikası” devizi altında 28 aprel - Dünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yığıncaqda “Azəriqaz” İB-nin əməkdaşları, tabeli təşkilatların əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisləri, eləcə də Birlik üzrə əməyin mühafizəsi işinin təşkilində fərqlənən mühəndis-texniki işçilər və ayrı-ayrı struktur bölmələrin həmkarlar təşkilatlarının sədrləri iştirak etmişlər.
“Azəriqaz” İB baş direktorunun əməyin mühafizəsi üzrə müavini Ruslan Əliyev Dünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar Birlik üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilati, texniki və sanitar-profilaktik işlər haqqında geniş məlumat vermiş, bu məsələnin daim gündəmdə olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, son 4 ildə “Azəriqaz” İB-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində problemlərin həlli istiqamətində mühüm işlər görülmüşdür. Əmək şəraitinin yaxşılaşdırılması məqsədilə Birliyin bir sıra tabeli təşkilatları üçün yeni inzibati və istehsalat binaları və köməkçi otaqlar tikilərək istifadəyə verilmiş, mövcud binalarda əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Tədbirdə “Azəriqaz” İB-nin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası tərəfindən 2013-cü ilin birinci rübündə keçirilmiş yoxlamalar və onların nəticələri, əksər təşkilatlar üçün xarakterik olan nöqsanlar haqqında da danışılmış, qüsurların aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.
Yığıncaqda qeyd edilmişdir ki, “Peşə xəstəliklərinin profilaktikası” devizi altında keçirilən silsilə tədbirlərdə işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir.
Daha sonra “Azəriqaz” İB üzrə əməyin mühafizəsi işinin təşkilində fərqlənmiş Bakının Xətai rayonu, Qobustan, İsmayıllı, Qaradağ, Göygöl, Tovuz rayonları, Naftalan və Mingəçevir şəhərləri qaz istismar sahələri və təmir-tikinti idarəsinin mühəndis-texniki işçilərinə həmkarlar ittifaqı komitəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.