İQTİSADİYYAT
“Azərsu” ASC beynəlxalq tenderin qalibini müəyyən etmişdir
Bakı, 30 noyabr (AZƏRTAC). Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə keçirilən beynəlxalq tenderə yekun vurulmuşdur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildirmişlər ki, yeddi şirkətin iştirak etdiyi müsabiqənin nəticələrinə görə Türkiyənin “ATİNAK” şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olmuş və həmin şirkətlə “Azərsu” ASC arasında müqavilə imzalanmışdır. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılacaq, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulacaqdır. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılacaq işlərə cari ilin dekabrında başlanılacaqdır. Tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulmuşdur.
Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Asiya İnkişaf Bankı ilə birlikdə “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. 2010-cu ildə icrası başa çatmış “Şəhər su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq “Göyçay Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti (TASC) üçün zəruri maşın və mexanizmlər alınmış, şəhərin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 3 subartezian quyu qazılmış, sugötürücü kamera və xlorator binası daxil olmaqla həcmi 2 min 500 kubmetr olan yeni su anbarı inşa edilmişdir. Eyni zamanda, yeni laboratoriya binası, nasos stansiyası tikilmiş, nasosların normal iş rejiminin təmin edilməsi üçün yeni elektrik xətləri çəkilmişdir. Bununla yanaşı, “Göyçay Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilmişdir.