SİYASƏT
AzərTAc-ın xüsusi müxbirinin İtaliyanın nüfuzlu “Eurasia” jurnalında “Azərbaycan: mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi” sərlövhəli məqaləsi dərc edilmişdir VİDEO
Bakı, 3 dekabr (AZƏRTAC). Dekabrın 3-də AZƏRTAC-ın İtaliyadakı xüsusi müxbiri Maqsud Dadaşovun bu ölkənin nüfuzlu “Eurasia” jurnalında italyan dilində “Azərbaycan: mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi” sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə qeyd olunur ki, xalqlar arasında mədəni və humanitar əlaqələrin genişləndiyi son illərdə Azərbaycan müxtəlif millətlərin nümayəndələrinin bir araya gələrək bəşəriyyəti düşündürən problemləri müzakirə etdiyi bir məkana çevrilmişdir. Bakı Beynəlxalq Humanitar Forumu bu cür müzakirələr üçün ən önəmli tədbirlərdən biridir.
Forumun tarixi haqqında məlumat verən müəllif bildirmişdir ki, ilk dəfə 2011-ci ildə keçirilən tədbir bir çox qlobal məsələlər ilə bağlı fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaratmışdır. Artıq ənənə halı alan Forumda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak edirlər. Cari ildə keçirilən Üçüncü Bakı Beynəlxalq Humanitar Forum öz işini uğurla başa çatdırmışdır. Tədbir çərçivəsində ölkəmizə gələn qonaqlar Azərbaycanın zəngin mədəni irsi və tarixi ilə bağlı geniş məlumat əldə etmiş, Bakı və bölgələrimizlə yaxından tanış olmuşlar.
Yazıda Prezident İlham Əliyevin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində səsləndirdiyi fikirlərə də yer verilmişdir. Dövlətimizin başçısı demişdir ki, humanitar məsələlər, humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdir. Bu məsələlər daim diqqət mərkəzində olmalıdır.
Müəllif bildirir ki, müxtəlif ölkələrin təmsilçilərinin böyük məmnuniyyətlə qatıldığı Forumda İtaliya nümayəndə heyəti hər zaman fəal iştirakı ilə yadda qalmışdır. İtaliya Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda deputatlar, KİV-lərin təmsilçiləri, alimlər, siyasətçilər və iş adamlarından ibarət 40 nəfərdən çox nümayəndə ilə təmsil olunmuşdur. Tədbir çərçivəsində italiyalı qonaqlar Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirmiş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə etmişlər. İtaliya nümayəndə heyəti Azərbaycanın sürətli iqtisadi inkişafını, ölkədə mövcud olan tolerantlığı yüksək qiymətləndirmişdir.
Sonda müəllif vurğulayır ki, sivilizasiyalar arasındakı dialoq üçün mərkəz rolunu oynayan Azərbaycan bu böyük və şərəfli missiyanı uğurla yerinə yetirməkdədir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: