İQTİSADİYYAT
“Azexport” portalının uğurlarına aid Video icmal hazırlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Video icmalı “Azexport.az” portalının uğurlarına həsr edib.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Video icmalda sahibkarların portalla əməkdaşlıqda əldə etdikləri üstünlüklər diqqətə çatdırılıb.
“Azexport” portalı ilk dəfə Azərbaycan məhsullarını vahid məkan üzərindən beynəlxalq elektron ticarət platformalarında təqdim edir. Nəticədə Portala 2017-ci ildən etibarən daxil olan ixrac sifarişlərinin məbləği 1,5 milyard ABŞ dolları olub. “Azexport” portalı “Made in Azerbaijan” məhsullarının beynəlxalq elektron ticarət platformalarında təmsil olunma səviyyəsini 3000 dəfə artırıb. Belə ki, “Azexport”un fəaliyyətə başlamasına qədər ixrac potensiallı sahibkarların elektron kommersiya imkanlarından istifadəsi 3 faiz idisə, 2019-cu ildə bu rəqəm 28 faizə çatıb. Bu günə qədər “Azexport” portalına dünyanın 150 ölkəsindən 35 mindən artıq sifariş daxil olub. Portalın təqdim etdiyi Sərbəst Satış Sertifikatı vasitəsilə ixracatçılar 54 yeni ölkə bazarına çıxış əldə ediblər.
Fəaliyyəti dövründə “Azexport” Azərbaycan sahibkarlarının elektron kommersiya savadlılığının artırılması istiqamətində Beynəlxalq Ticarət Mərkəzi və digər tərəfdaşları ilə birgə fəaliyyət göstərib. Təlim kurslarında 5000-dən artıq sahibkara “Amazon” portalında qeydiyyat və iş prinsipləri, bazar araşdırması və yüksək satış göstəricilərinə malik məhsulların təyin olunması, “Alibaba” və digər portallar üzərindən etibarlı təchizatçıların tapılması, məhsulların “Amazon”un anbarlarına göndərilməsi, məhsulların yerləşdirilməsi və mövcud reklam imkalarından istifadə, beynəlxalq logistika və gömrük əməliyyatları, beynəlxalq ticarət hüququ və standartlar, texniki tənzimləmə və digər məsələlər öyrədilib. Təlimlərdə praktiki satışların həyata keçirilməsi üçün hər bir iştirakçıya “Amazon” hesabı və ABŞ bank hesabı açılıb, plastik kartlar təqdim edilib. “Azexport”un sahibkarlara göstərdiyi bütün xidmətlər ödənişsiz qaydada həyata keçirilir.
“Azexport.az” portalının uğurlarına həsr olunan Video icmalla bu linkdən (həmçinin iqtisadiislahat.org saytında İcmallar bölümündən) tanış olmaq mümkündür: “https://www.youtube.com/watch?v=RV5CyZPqmB8”
Video icmal bu gündən başlayaraq KİV-də, o cümlədən, televiziyalarda və sosial şəbəklərdə paylaşılacaq.
Qeyd edək ki, “Azexport.az” resursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabrda imzalanmış Sərəncamı əsasında yaradılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan “www.azexport.az”ın missiyası “Made in Azerbaijan” malları haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. “Azexport.az” portalı ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma sahəsində dövlət dəstəyi göstərir. Dünya Kiçik və Orta Sahibkarlıq Forumu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az”ın elektron satış platforması kimi təcrübəsinin digər ölkələrdə yayılması ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.