ELM VƏ TƏHSİL
AzMİU-nun tələbələri və gənc müəllimlərinə Mərkəzi Bankın sertifikatları təqdim olunub
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bankın əməkdaşlarının keçirdiyi “Maliyə savadlılığı” mövzusundakı təlimlərdə fəal iştirak edən professor-müəllim, doktorant, magistrant və tələbələrə sertifikatlar təqdim olunub.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Təqdimat mərasimində çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitet və istehsalat müəssisələrinin birgə əməkdaşlığının tələbələr üçün böyük əhəmiyyətinə toxunub. Rektor bildirib ki, doktorant, magistrant və tələbələrin, eləcə də gənc müəllimlərin ölkənin aparıcı qurumlarının mütəxəssisləri tərəfindən aparılan seminar və treninqlərdə iştirakını yüksək qiymətləndirib və belə təlimlərin təşkilində göstərdiyi dəstəyə görə Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirib.
Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədov Mərkəzi Bank ilə AzMİU arasında əlaqələrin genişlənməsindən, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Keçirilən təlimlərin əhəmiyyətini vurğulayan professor qeyd edib ki, əsas məqsəd gənclərin fərdi və karyera inkişafına dəstək göstərmək, əmək bazarının tələblərinə uyğun şəxsi inkişafa dəstək verməkdir.
Mərkəzi Bankın İstehlakçılarla iş Departamenti Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da təlimlərin tələbələr üçün böyük əhəmiyyətindən danışıb, onların təlimlərdə öz bilik və bacarıqları ilə seçildiklərini xüsusi qeyd edib.
Sonda təlimlərdə müvəffəqiyyətlə iştirak edən tələbə və gənc müəllimlərə sertifikatlar təqdim olunub.