ELM VƏ TƏHSİL
AzMİU Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti ilə əlaqələri genişləndirir


Bakı, 1 noyabr, AZƏRTAC
İmperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetindən gələn nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor G.Məmmədova qonaqlara rəhbərlik etdiyi universitet haqqında qısa məlumat verib.
Görüş zamanı Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetinin rektoru Aleksandr Panıçev rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, fakültələri, verdiyi ixtisaslar, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələrdən danışıb. O vurğulayıb ki, hər iki ali məktəb arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq səmərəli nəticələr verə bilər.
Görüşdə universitetlər arasında gələcəkdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, ikili diplom layihələri, tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi və s. məsələlərə toxunulub.
Sonda hər iki təhsil müəssisəsi arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.