İQTİSADİYYAT
“Azneft”də fəaliyyətin qiymətləndirilməsi və hesabatların hazırlanması ilə bağlı müşavirə keçirilmişdir
Bakı, 13 mart (AZƏRTAC). Martın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) idarə və struktur rəhbərlərinin iştirakı ilə “Fəaliyyətin qiymətləndirilməsi”nə həsr olunmuş müşavirə keçirilmişdir.
“Azneft” İB-nin Baş direktorunun müavini Cəlair Səmədov bildirmişdir ki, fəaliyyətin qiymətləndirilməsi struktur təşkilatlarda işləyən hər bir işçinin potensial imkanlarının açılmasına, müəssisənin strateji hədəflərinin reallaşdırmasında bu potensialı yönəltməyə və işin daha səmərəli qurulmasına kömək göstərir. Müəssisələrdə fəaliyyətin real qiymətləndirilməsi, həmçinin insan resurslarının, biznes proseslərinin və maliyyə əməliyyatlarının yüksək idarə olunmasında müsbət rol oynayır. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi, onların peşə səviyyələrinin və professional bacarıqlarının müəyyənləşdirilməsi müəssisə rəhbəri üçün ən vacib məsələlərdəndir. C.Səmədov işçilərin qiymətləndirilməsindən sonra hesabatların hazırlanması və ARDNŞ-in strateji planlarına uyğun inkişaf planının hazırlanması və tətbiq olunması yollarından söhbət açmışdır. Müşavirə aktiv dialoq və fikir mübadiləsi formasında keçmişdir.