ELM VƏ TƏHSİL
Aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunmuşdur
Bakı, 12 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları təqdim olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a verilən məlumata görə, tədbirdə RİH-in başçısı Süleyman Mikayılov bildirmişdir ki, uşaqları xoşbəxt, qayğısız və problemsiz görmək Heydər Əliyev Fondunun ən böyük arzularından biridir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi və köməyi ilə respublikamızda elmin, mədəniyyətin, səhiyyənin inkişafı, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpa edilməsi, mədəniyyətlərarası dialoqda xalqımızın layiqincə təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində irimiqyaslı layihələr, sosial proqramlar həyata keçirilir, böyük uğurlar qazanılır. Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun xətti ilə hər il onlarla təhsil və tibb ocağı tikilir, internat məktəbləri, uşaq evləri təmir edilir, yeni avadanlıqla təchiz olunur, kimsəsizlərə, ehtiyacı olanlara qayğı göstərilir. Rayonumuzun bir çox məktəblərinin binaları da Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunur, müasir standartlar səviyyəsində yenidən qurularaq balalarımızın ixtiyarına verilir.
Tədbirin sonunda imkansız, maddi durumu ağır olan ailələrdən 200 məktəbliyə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəbli forması təqdim olunmuşdur.