REGİONLAR
Babək Rayon Xalq Teatrında “Unuda bilmirəm” tamaşasının premyerası olub
Babək, 9 dekabr, AZƏRTAC
Babək Rayon Xalq Teatrında yazıçı-dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərov, musiqi tərtibatçısı Cabir Məmmədovdur.
“Unuda bilmirəm” pyesi uzun illər bundan əvvəl qələmə alınsa da, öz aktuallığını bu gün də saxlayır. Belə ki, cəmiyyət və gəncliyi düşündürən məsələlər, insanları narahat edən mənəvi-əxlaqi problemlər tamaşanın əsas mövzusudur.
Səhnə əsərində hadisələr professor Möhsünzadənin (İsmayıl Qurbanov) ailəsi ətrafında cərəyan etsə də, daha çox ictimai məsələlər, əxlaqi-mənəvi problemlər, gənclərin həyata ziddiyyətli baxışları ön plana çəkilir. Elə professor Möhsünzadə ilə ömür yoldaşı Səadət (Stella Babayeva) arasında olan düşüncə müxtəlifliyi, həyata baxış tamaşada xarakterik insan obrazlarının psixoloji dünyasını ortaya qoyur.
Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılsa da, muxtar respublikanın tanınmış teatr kollektivlərindən biridir. Teatrın müxtəlif illərdə hazırladığı tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Ezop”, “Yollara iz düşür”, “İkinci səs”, “Şeyx Rəhmətullah”, “Ana”, “Məhəbbət nişanəsi”, “Solğun çiçəklər”, “Durna”, “Yağışdan çıxdıq yağmura düşdük”, “Xəcalət” və başqa tamaşalar teatr kollektivinin ifasında öz uğurlu səhnə həllini tapıb.