REGİONLAR
Babək rayonunda sərmayə kapitalı alan qadınlar fəaliyyətlərini uğurla davam etdirirlər
Babək, 24 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalından düzgün istifadə olunması ilə bağlı monitorinqlər davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, monitorinqlər “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” və “Qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda həyata keçirilir.
Növbəti monitorinq 5 qadının yaşadığı ünvanda keçirilib, onların sərmayə kapitalından təyinatına uyğun olaraq düzgün istifadə etmələri yoxlanılıb. Belə ki, əldə etdikləri sərmayə kapitalı dəyərində Babək rayonunun Qahab kənd sakini Mina Paşayeva dərzilik üçün tikiş maşını alaraq fəaliyyətə başlayıb, Yarımca, Kərimbəyli, Qahab və Zeynəddin kənd sakinləri Tünzalə Məmmədova, Yaqut Məmmədova, Sənubər Məmmədova və Məhbubə Əhmədova isə damazlıq heyvandarlıq təsərrüfatlarını inkişaf etdirərək artırıblar.
Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməyib. Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.