MƏDƏNİYYƏT
“Bahar süjetləri” fotomüsabiqəsinə yekun vurulmuşdur
Bakı, 27 mart (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) bahar və bahar bayramları - 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı mövzusuna həsr olunmuş “Bahar süjetləri” adlı həvəskar fotoşəkillərinin V açıq müsabiqəsinə yekun vurulması və qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. Müsabiqə Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuşdur.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Azərbaycan Fotoqraflar Birliyinin üzvləri, həmvətənlərin təşkilatlarının, gənclər hərəkatlarının, şəhərin yaradıcı ziyalılarının nümayəndələri, tələbələr, məktəblilər iştirak etmişlər.
Fevralın 10-dan martın 17-dək keçirilmiş müsabiqənin seçmə turunda Rossotrudniçestvo nümayəndəliyinin ünvanına 60-dan çox fotoşəkil daxil olmuşdur. Münsiflər heyəti, o cümlədən Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənzadə və Azərbaycan Fotoqraflar Birliyi İdarə Heyətinin üzvü Rauf Ümidov tərəfindən qaliblərin çətin seçimi olmuşdur.
Ən yaxşı fotoşəkil seçimində qonaqlar da iştirak etmişlər. Onlar səsvermə yolu ilə “Tamaşaçı rəğbəti mükafatı” nominasiyasında qalibi müəyyənləşdirmişlər.
Qaliblərin diplom və mükafatlarla təltif edilməsi beynəlxalq müsabiqələrin qalibləri Səid İsmayılzadə, Aslan Əzimzadə və Dilarə Əliyevanın ifasında konsert nömrələri ilə müşayiət olunmuşdur.