İQTİSADİYYAT
“Bakcell” şəbəkəsi əhalinin 98 faizdən çox hissəsinə xidmət edir
Bakı, 5 iyun (AZƏRTAC). “Bakcell” şəbəkəsi əhalinin 98 faizdən çox hissəsinə xidmət edir. Düzgün sərmayə yatırımları nəticəsində şəbəkənin əhatə dairəsi sürətlə genişlənmiş və müştərilərə ən yüksək keyfiyyətli xidmətlər göstərmək imkanı yaradılmışdır. Hazırda 2 min 400-dən artıq baza və 17 min ötürücü stansiyalarının fəaliyyəti nəticəsində “Bakcell” şəbəkəsi genişlənərək, ucqar ərazilər də daxil olmaqla ölkə ərazisinin 90 faizdən çox hissəsini əhatə edir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, abunəçilərin sayı 2,5 milyonu keçmiş və bu rəqəm artmaqda davam edir. “Bakcell” şəbəkəsinin yüksək tutumu çoxsaylı zənglərin keyfiyyətlə və heç bir şəbəkə itməsi olmadan siqnalla qəbul edilməsinə imkan yaradır. Bundan əlavə, şəbəkə bütün ölkə üzrə mobil data və internet xidmətlərini təklif edir. Şirkət, rəqəmsal xidmətlərini bütün Azərbaycan ərazisində istifadə üçün mümkün etmişdir.
“Bakcell”in baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, abunəçilərin sayının sürətlə artması müştərilərə ən yaxşı və etibarlı şəbəkə xidmətlərinin göstərilməsinin aydın göstəricisidir.