İQTİSADİYYAT
“Bakcell” şirkəti əsas şəbəkənin unifikasiya prosesini başa çatdırmışdır
Bakı, 17 oktyabr (AZƏRTAC). Dünyanın informasiya- kommunikasiya texnologiyaları həlləri sahəsində aparıcı şirkəti olan “Huawei” ilə birlikdə “Bakcell” şirkəti əsas şəbəkənin unifikasiyası layihəsini uğurla başa çatdırmışdır.
“Bakcell”dən AZƏRTAC-a bildirmişlər ki, səs şəbəkə domeninin unifikasiyası prosesi ötən ilin avqust ayında başlamışdır. Cari ilin avqust ayından səs trafiki tam olaraq yeni, yüksək həcmli və ehtiyat funksiyasına malik kommutasiya avadanlığı üzərindən ötürülməkdədir.
Unifikasiya edilmiş yeni əsas şəbəkə təkmilləşdirilmiş telekom kompyuter arxitektura platforması əsasında qurulmuşdur. Gələcək nəsil telekommunikasiya avadanlığı üçün əsaslı və etibarlı vasitə sayılan bu platforma “Bakcell” şəbəkəsinə yüksək tutum və çeviklik verərək ən mükəmməl xidmətin göstərilməsinə imkan yaradacaqdır. Unifikasiya edilmiş yeni şəbəkə gələcəkdə LTE üzərindən göstəriləcək səs xidmətləri üçün hazırdır. “Bakcell” cari ilin əvvəlində ümumi şəbəkə tutumunun artırılması və “Huawei” OSN avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək üçün bütöv transmissiya şəbəkəsinin modernləşdirilməsini həyata keçirmişdir.