ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Tərəfdaşı seçilib
Bakı, 12 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbi (BANM) Elektron Ticarət Məsləhətçiləri Beynəlxalq Şurasının (The International Council of Electronic Commerce Consultants - EC-Council) rəsmi Akademiya Tərəfdaşı seçilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, “EC-Council” kibertəhlükəsizlik üzrə dünyanın ən böyük texniki sertifikatlaşdırma orqanıdır. Eyni zamanda, elektron ticarət və informasiya təhlükəsizliyi bacarıqlarına sahib olan şəxslərə dəstək verən peşəkar təşkilatdır. Qlobal miqyasda 145 ölkədə fəaliyyət göstərir və məşhur “Etik Haker”, “Təhlükəsizlik Təhlilçisi”, “Lisenziyaya Nəzarət Testi” proqramlarına malikdir. Şura nüfuzlu təşkilatların kibertəhlükəsizlik təfəkkürünə təsir göstərən informasiya təhlükəsizliyi üzrə 200 mindən çox mütəxəssis hazırlayıb.
Eyni zamanda, sözügedən qurum elektron ticarət və informasiya təhlükəsizliyi sahəsində bacarıqlara sahib olan mütəxəssisləri ətrafında cəmləyib. “EC-Şura”sının Akademiya Tərəfdaşı olmaq BANM-ə xüsusi tədbirlərdə iştirak, “EC-Council” Akademiyasının tədris proqramından istifadə, müəllimlər üçün güzəştlər və təqaüdlər, kiber rəqabət güzəştləri və təqaüdlər, tələbə endirimləri və imtahan hüququ, “EC-Council” Test Mərkəzi resurslarından istifadə kimi üstünlüklər verir.