ELM VƏ TƏHSİL
Bakı Avropa Liseyinin şagirdləri AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd kimya elminin təbliği, həm də şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və onların yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsinə yardımçı olmaqdır.
Tədbir çərçivəsində məktəblilərin elmi müəssisənin müxtəlif laboratoriyalarına ekskursiyaları təşkil olunub. Onlar üçün Analitik kimya laboratoriyasında əyləncəli təcrübələr əyani olaraq göstərilib. Eyni zamanda, şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilib.
Müəllim və şagirdlər nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördükləri tədbirin onlarda böyük təəssürat yaratdığını vurğulayıblar.