İQTİSADİYYAT
Bakı-Böyük Kəsik istiqamətində 186 kilometr yol əsaslı təmir olunmuşdur
Bakı, 9 fevral (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 9-dan 15-dək Karrar-Sığırlı mənzilində 7 kilometr yol əsaslı təmir ediləcəkdir.
Fevralın 9-da səhər saatlarında köhnə yolun söküntüsünə başlanmış və artıq 1 kilometr köhnə yol sökülmüşdür.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanmışdır. Bu günə kimi 186 kilometr yol əsaslı təmir olunmuşdur.