ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində dövlət qulluğu ilə bağlı təqdimat keçirilib
Bakı, 5 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Bakı Dövlət Universitetində (BDU) professor-müəllim heyətinin, bakalavr və magistrlərin iştirakı ilə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir təşkil edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2018-ci il 10 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən keçirilib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətindən danışıb və təmsil olunduğu qurumun bu istiqamətdəki fəaliyyətinə nəzər salıb.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən iki təqdimat keçirilib. Qurumun sektor müdiri Kamil Baxşəliyev dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında, şöbə müdiri Vüqar Əkbərov isə Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində göstərdiyi elektron xidmətlər barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.