BAKI DÖVLƏT UNİVERSİTETİNİN 90 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN SƏRƏNCAMI
2009-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının aparıcı təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 90 ili tamam olur.
Bakı Dövlət Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaşadılması istiqamətlərində universitet üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlir.
Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.
Respublikamızda ali təhsilin və elmin ənənələrinin zənginləşdirilməsində, milli dövlətçiliyin qorunub möhkəmləndirilməsində mühüm xidmətlərini nəzərə alaraq, Bakı Dövlət Universitetinin 90 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2009-cu il.