İQTİSADİYYAT
Bakı Fond Birjası (BFB) ilə İNVEST-AZ arasında beynəlxalq maliyyə bazarlarında likvidliyin təmin olunması üzrə müqavilə imzalanmışdır
Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Bakı Fond Birjası (BFB) ilə İNVEST-AZ arasında beynəlxalq maliyyə bazarlarında (FOREX və CFD) likvidliyin təmin edilməsi üzrə müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, müqaviləni BFB-nin idarə heyətinin sədri Əmin Muradov və İNVEST-AZ-ın təsisçisi Elşən Quliyev imzalamışlar.
Müqaviləyə əsasən, İNVEST-AZ BFB tərəfindən təqdim edilən MetaTrader 4 ticarət platformasında FOREX ticarəti, həmçinin qiymətli metal və digər əmtəələr üzrə fərq müqavilələrinin bağlanılması zamanı likvidliyin təminatçısı (marketmeyker) qismində çıxış edəcəkdir.
Qeyd edək ki, bir müddət əvvəl BFB ticarətin likvid, şəffaf və ədalətli qiymət prinsiplərinə uyğun həyata keçirilməsini təmin edən ticarət sisteminin formalaşdırılması məqsədilə MetaTrader 4 ticarət platformasından istifadə və onun üçüncü tərəfə təqdim olunması hüququ əldə etmişdi. BFB-nin təqdim etdiyi ticarət platforması Azərbaycanda FOREX ticarəti üzrə yeni standartları müəyyənləşdirir.