ELM VƏ TƏHSİL
Bakı məktəblərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub
Bakı, 31 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, təhsil müəssisələrində “Martın qanlı izləri”, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür”, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” və digər mövzularda konfrans, mühazirə, toplantı, dəyirmi masalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.
Soyqırımı günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Eyni zamanda, təhsil müəssisələrində 1918-ci ildə törədilən qanlı hadisələr haqqında sənədli və bədii filmlər də nümayiş etdirilib.
Tədbirlərdə soyqırımına məruz qalan qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi haqqında şagirdlərə geniş məlumat verilib.
Bildirilib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində Bakı Soveti və bolşevik-daşnak silahlı dəstələri xalqımıza qarşı kütləvi qırğın törədiblər. Qeyd olunub ki, daşnakların xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli işə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları beynəlxalq ictimaiyyətə çatdırmaq, xalqımızın yaddaşına həkk etdirmək məqsədilə Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu Fərman əsasında hər il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Vurğulanıb ki, xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı hadisələri, həmçinin Vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törədilən terror aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, baş verənlərə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verməyə çağırıb.
Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.