ELM VƏ TƏHSİL
Bakı məktəbliləri beynəlxalq idman yarışlarında parlaq uğurlar qazanıblar
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı məktəbliləri yeni tədris ilində idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda parlaq uğurlar qazanıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 191 nömrəli tam orta məktəbin VI sinif şagirdi Yasin İbrahimov Rusiyada 11-13 yaşlılar arasında keçirilən taekvondo idman növü üzrə dünya çempionatında 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yüzlərlə iştirakçı arasında qalib gələn istedadlı məktəbli əldə etdiyi uğura görə qızıl medal, kubok, fəxri fərman və diplomla təltif edilib.
Paytaxtdakı 238 nömrəli tam orta məktəbin X sinif şagirdi Səbuhi Abbasov qaydasız döyüş idman növü üzrə 15-17 yaşlılar arasında Moskvada keçirilən dünya çempionatında II yerə layiq görülüb. Yarışın nəticələrinə əsasən, məktəbli gümüş medal və diplomla təltif olunub.
Bundan əlavə, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ələkbər Qafarzadə qaydasız döyüş idman növü üzrə 11-12 yaşlılar arasında Bakıda keçirilən dünya çempionatında 35 kiloqram çəki dərəcəsində I yeri tutub. Ə.Qafarzadə qızıl medal və diplomla təltif edilib.
Uğur qazanan digər idmançılar isə Türkiyədə cüdo üzrə keçirilən beynəlxalq yarışda qalib gələn 13 nömrəli tam orta məktəbin şagirdləridir. Yarışın nəticələrinə əsasən, məktəbin IX sinif şagirdləri Orxan Məcidli və Rövşən Hüseynov I, VI sinif şagirdləri Kənan Məmmədli I, İmran Zülfüqarzadə isə III yerə layiq görülüb. Qalib məktəblilər medal və diplomlarla mükafatlandırılıb.