İQTİSADİYYAT
Bakı Metropolitenində yeni vaqonlar sınaqdan keçiriləcəkdir
Bakı, 29 noyabr (AZƏRTAC). Bakı Metropoliteni vaqon parkının yenilənməsi istiqamətində dünyanın aparıcı şirkətlərinin məhsulları arasında seçim aparır.
Təsərrüfatın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, inşa olunan yeni xətlərdə yalnız müasir standartlara cavab verən vaqonlarldan istifadə olunacaqdır. Rusiyanın “Transmaş holdinq” şirkətinin istehsalı olan yeni vaqonların Bakıya gətirilərək sınaqdan çıxarılması planlaşdırılmışdır. Bu məqsədlə rusiyalı vaqon istehsalçısı Bakı Metropoliteninə 5 yeni vaqon təqdim edəcəkdir. Yaxın günlərdə “Transmaş holdinq”in istehsalı olan və “Oka” adı ilə tanınan yeni 81-760/761 tipli vaqonlar Bakıya çatdırılacaqdır.
Qeyd edək ki, bu vaqonların istismarı ilə bağlı bir qrup mütəxəssis - maşınist və maşınist-təlimatçı təcrübə mübadiləsi üçün Moskvaya ezam olunmuşlar. Dekabrın ilk günlərində onlar da ezamiyyətlərini başa vurub Bakıya qayıdacaqlar.