REGİONLAR
Bakı Mühəndislik Universiteti: 10 rayonun şagirdləri “Gələcəyini qur!” Gəncliyə dəstək layihəsində iştirak edib
Xırdalan, 15 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) “Gələcəyini qur!” Gəncliyə dəstək layihəsi çərçivəsində “Kreativlik və tənqidi düşüncə” mövzusunda təşkil olunan tədbirdə Bakının orta məktəblərində təhsil alan 150-dən çox 11-ci sinif şagirdi iştirak edib.
AZƏRTAC xəbər verir ki, layihənin rəhbəri Bəhruz Hidayətzadə tədbirin əsas məqsədinin gənclərin ali təhsilə yiyələnməsinə dəstək və töhfə vermək, bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektual və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaq olduğunu bildirib. O, layihənin Bakı şəhərinin Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xətai, eləcə də Ağdaş, Kürdəmir, Salyan, Ucar, Yevlax rayonlarını əhatə etdiyini vurğulayıb.
“Gələcəyini qur!” Gəncliyə dəstək layihəsinin təlimçiləri və universitetin müəllimləri şagirdlərə zəhmətkeşliyin və özünəinamın karyeranın qurulmasına təsirindən, yaradıcı ideyaların meydana gəlməsindən bəhs ediblər. Bildirilib ki, hansı sahədə karyera qurmaqdan asılı olmayaraq, hər kəs xalqının mədəniyyətini və milli dəyərlərini öz işində əks etdirməlidir. Şagirdlərə innovasiya iştirakçısına çevrilmələri üçün ideyaları ilə əlavə dəyər yaratmaları tövsiyə olunub.
Sonda Bakı Mühəndislik Universiteti haqqında geniş məlumat verilib, suallar cavablandırılıb. Tədbir iştirakçıları BMU-nun təqdimat videosunu izləyiblər.