İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi “Mən yaşamaq istəyirəm!” adlı tədbir keçirib
Bakı, 21 iyun, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin “Uşaqlarla Bir Yoldayıq” layihəsi çərçivəsində “Mən yaşamaq istəyirəm!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, “Leykemiya ilə mübarizə” İctimai Birliyinin təklifi ilə həyata keçirilən tədbirdə leykemiya xəstəliyindən əziyyət çəkən və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan uşaqlar üçün təlimlər təşkil edilib. Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzinin təlimçisi uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb.
M.Ağayevin sözlərinə görə, uşaqların marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, uşaqlara Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üçün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları təqdim olunub. Sonda, uşaqlar hədiyyələrlə mükafatlandırılıb.
M.Ağayev qeyd edib ki, “Uşaqlarla Bir Yoldayıq” layihəsinin əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.