İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi qanunsuz sərnişindaşıma ilə mübarizəni davam etdirir
Bakı, 6 iyul, Elvin Camalov, AZƏRTAC
Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda, sərnişinlərdən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metro stansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasında araşdırma aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, araşdırma zamanı Elzamin İsmayılzadə adlı şəxsin dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan “Mercedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən edilib. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir. Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib. Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.
M.Ağayevin sözlərinə görə, görülən bütün zəruri tədbirlərə baxmayaraq hələdə bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur. Bu kimi mikroavtobuslardan istifadə sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidir. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər.