İQTİSADİYYAT
Bakı-Quba yolundakı körpü təmir olunacaqdır
Bakı, 29 mart (AZƏRTAC). Bakı-Quba yolundakı Sumqayıt-H.Z.Tağıyev qəsəbəsi yolunun 7-ci kilometrində qəzalı vəziyyətə düşən körpünün təmiri zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaqdır.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, körpüdə hərəkət zolaqlarının arasındakı boşluqda təkərqaytaranlar uçmuş, nəticədə asfalt örtüyündə çökmə əmələ gəlmişdir. Təkərqaytaranların uçmasına səbəb avtomobillərin yüksək sürətlə idarə olunmasıdır. Uzunluğu 42 metr, eni isə 15,6 metr olan körpüdə hərəkət sürəti saatda 60 kilometr göstərilsə də, avtomobillər oradan yüksək sürətlə keçirlər.
Körpünün tikintisində hər hansı qüsur yoxdur. Martın 30-dan avtomobillərin hərəkəti məhdudlaşdırılmadan təmir işlərinə başlanılacaqdır.