İQTİSADİYYAT
Bakı şəhərində 3 min kilometrədək yeni yol inşa olunmalıdır
Bakı, 17 iyun (AZƏRTAC). Bakı şəhərində respublika əhalisinin təqribən 43 faizi cəmləşmişdir. Paytaxt ərazisinin isə ölkə ərazisinin 3,5 faizi qədərində olduğu nəzərə alınarsa, şəhərdə sıxlığın səviyyəsi barədə təsəvvür yaranar. Əhalinin Bakı şəhərində bu cür məskunlaşması nəqliyyatın da artmasına səbəb olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri ikinci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həlli yolları” mövzusunda konfransda Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin şöbə müdiri Hidayət Rüstəmov demişdir.
Bildirilmişdir ki, son illər respublikamızda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, həmçinin böyük investisiyaların yatırılması Bakı şəhərində nəqliyyat vasitələrinin sayının təqribən 60 faizə qədərinin paytaxtda cəmləşməsi ilə nəticələnmişdir. Bunun nəticəsidir ki, bu gün ölkədə mövcud olan 1 milyon 300 minə yaxın nəqliyyat vasitəsindən 730 minə yaxını Bakıdadır.
Bununla bağlı paytaxt yolların sıxlığı 0,70-ə bərabər olmuşdur. Əhalinin sayı milyonlarla ölçülən şəhərlərdə bu rəqəm 2,2-3,4 təşkil edir. Bu isə o deməkdir ki, həmin normaya yaxınlaşmaq üçün Bakı şəhərində 3 min kilometrədək yeni yol inşa olunmalıdır.