ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “Azərbaycanın regionları. Yeni inkişaf dövrü” kitabının müzakirəsi keçirilmişdir
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-da Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil ocağının Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi və Ölkəşünaslıq elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Azərbaycanın regionları. Yeni inkişaf dövrü” adlı 3 cildlik kitabın müzakirəsi keçirilmişdir.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, universitet əməkdaşlarının və tələbələrin iştirak etdikləri tədbiri giriş sözü ilə açan bu ali təhsil ocağının rektoru, professor Asif Hacıyev kitab haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1969-cu ildən Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev ölkənin sosial-iqtisadi, mədəni potensialının güclənməsinə xüsusi diqqət yetirmişdir. Həmin missiyanı bu günədək davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində respublikamız inkişaf səviyyəsinə görə dünya ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. “Azərbaycanın regionları. Yeni inkişaf dövrü” 3 cildliyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən proqramların - Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, eləcə də regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı dövlətimizin başçısı tərəfindən qəbul edilmiş bir sıra digər qərarların icrası sahəsində görülən işləri əks etdirir.
Müzakirədə dosentlər Qalib Barxalov, Sevda Axundova, Ərzuman Əmirov, baş müəllim Zibeydə bu tipli nəşrlərin tədris prosesində istifadəsinin vacibliyini qeyd etmişlər.