ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin tələbələri Çexiya Respublikasında keçirilən “Slavyan dilləri” yay məktəbində iştirak etmişlər
Bakı, 20 sentyabr (AZƏRTAC). Bakı Slavyan Universitetinin (BSU) 5 tələbəsi Çexiya Respublikasında “Slavyan dilləri” yay məktəbində iştirak etmişdir. Yay məktəbi Olomouts vilayət rəhbərliyinin, Praqadakı Azərbaycan Respublikası və Bakıdakı Çexiya Respublikası səfirliklərinin, həmçinin Palatski adına Universitetin maliyyə dəstəyi ilə baş tutmuşdur.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, yay məktəbində universitetin beynəlxalq münasibətlər və regionşünaslıq, tərcümə fakültələrinin tələbələri əsasən xarici tələbələr üçün hazırlanmış 4 həftəlik çex dili kursu keçmişlər. Bundan əlavə, tələbələr Çexiyanın tarixi, mədəniyyəti haqqında mühazirələr dinləmiş, teatr, folklora aid məşğələlərdə və digər əyləncəli tədbirlərdə iştirak etmişlər. Dərslər zamanı hər tələbə Azərbaycan, onun mədəniyyəti və ənənələri haqqında qısa film çarxı təqdim etmişdir.
Kurs imtahan ilə başa çatmış və tələbələrimiz imtahanda uğur qazanmışlar.
Bağlanış mərasimində yay məktəbini uğurla başa vuran tələbələrə sertifikatlar təqdim edilmişdir.
Palatski adına Universitetin rektoru Maşlan BSU-nun Çex dili və Mədəniyyəti Mərkəzinə dərsliklər və bədii kitablar hədiyyə etmişdir.