MƏDƏNİYYƏT
Bakı tələbələrinə “Moskva merinin təqaüdü” verilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Azərbaycanın rus icması tərəfindən təsis edilmiş Rus Mədəniyyəti Mərkəzində “Moskva merinin təqaüdü” proqramı çərçivəsində təqaüdçülərin təsdiqlənməsi mərasimi olmuşdur.
“Moskva merinin təqaüdü” proqramı Moskva hökumətinin prioritet, sosial cəhətdən əhəmiyyətli layihələrinə daxil edilmişdir və Azərbaycanda 2007-ci ilin mayından həyata keçirilir.
Proqramın həyata keçirilməsi üçün respublikada Qəyyumluq Şurası yaradılmışdır. Şuranın heyəti Azərbaycan Prezidenti Administrasiyası ilə razılaşdırılmışdır. Şura Azərbaycanın ali məktəblərində təhsil alan həmvətənlər üçün 22 təqaüdün müəyyənləşdirilməsi barədə qərar verir. İldə iki dəfə Şura Azərbaycanın 10 ali məktəbindən Moskva merinin təqaüdünü (27 min rubl) almaq üçün tələbələrin namizədliklərini nəzərdən keçirir. Tələbələrin siyahısı Azərbaycan Prezidenti Administrasiyası ilə razılaşdırılır.
Qəyyumluq Şurasının bütün üzvləri Azərbaycanın müvafiq ali məktəblərinə təhkim edilmişlər. Onlar bu ali məktəblərin rəhbərlikləri ilə birlikdə Şuranın iclaslarında müzakirə etmək üçün sənədlərin hazırlanması ilə məşğuldurlar.
Qəyyumluq Şurasının üzvləri - Azərbaycan rus icmasının sədri Mixail Zabelin, Azərbaycan xalqlarının “Sodrujestvo” respublika həmrəylik cəmiyyətinin sədri Tatyana Kərimova, Rus Mədəniyyəti Mərkəzinin rəhbəri Svetlana Barinova, Bakıdakı 145 nömrəli orta məktəbin direktoru Nikolay Vasilçenko, Azərbaycanın Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Moskvanın Azərbaycandakı həmvətənlər evinin nümayəndəsi Qaiq Yusufzadə, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Svetlana Kosinçikova 2011-ci il noyabrın 3-də Azərbaycan Respublikası ali məktəblərinin rus bölməsində təhsil alan ən fəal tələbələrə təqaüdlərin təqdim edilməsi məsələsini müzakirə etmişlər.
Azərbaycanın rus icmasının sədri Mixail Zabelin “Moskva merinin təqaüdləri”ni almış tələbələrin siyahısını açıqlamış, tələbələri təbrik etmiş, müvəffəqiyyətlər arzulamışdır. M.Zabelin Beynəlxalq Rusiya Həmvətənləri Şurasına minnətdarlığını bildirmişdir.
Beynəlxalq Rusiya Həmvətənləri Şurasının nümayəndəsi Olqa Yentaltseva tələbələrə “Moskva merinin təqaüdçüsü” nişanlarını və şəhadətnamələrini təqdim etmişdir.