İQTİSADİYYAT
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri başa çatıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri başa çatıb. Hazırda son tamamlama işləri görülür.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun qoyuluşu bu gün başa çatıb. Birləşdirici yol baş yola birləşdirilib.
Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür. Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının söküntüsü başa çatmaq üzrədir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli bina inşa olunacaq.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.