SİYASƏT
Bakıda ASAİF-in X beynəlxalq yay forumu keçiriləcəkdir
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 18-də və 20-də Bakıda, “JW Marriott Absheron” otelində Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) “Azərbaycan sənin ağlından interaktiv faydalansın!” devizi altında X beynəlxalq yay forumu keçiriləcəkdir.
ASAİF-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə 40 ölkədən 500 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulmuşdur. Forumun birinci günü bir sıra dövlət və hökumət rəsmilərinin çıxışları planlaşdırılır. Daha sonra işçi qruplar üzrə müzakirələr aparılacaq və iki panel iclası keçiriləcəkdir. Müzakirələrdə və iclaslarda səsləndiriləcək təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcəkdir. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, qurumun yeni rəhbərliyi seçiləcək və ölkələr üzrə nümayəndələr təyin olunacaqdır.
Tədbirin ikinci günü - avqustun 20-də iştirakçılar Azərbaycanın dilbər guşələrindən olan İsmayıllı rayonuna səfər edəcəklər.
Forumun rəsmi tərəfdaşı Gənclər və İdman Nazirliyidir.
Tədbirə qatılmaq üçün onlayn ərizə forması və forum haqqında ətraflı məlumat www.asaif.org ünvanında yerləşdirilmişdir.