ELM VƏ TƏHSİL
Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində alt komitənin üçüncü iclası keçirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin üçüncü iclası keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Mədəniyyət və Turizm, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının, qarşı tərəfdən isə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin təmsilçiləri iştirak etmişlər.
İclası Azərbaycan tərəfindən Təhsil Nazirliyinin nümayəndəsi aparmışdır.
İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılmışdır. Azərbaycan tərəfi müvafiq sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat vermiş, Avropa İttifaqı nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar etmişdir. Tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi və növbəti islahatların həyata keçirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Rotasiya prinsipinə əsasən, alt komitənin növbəti iclası 2015-ci ildə Brüsseldə keçiriləcəkdir.