REGİONLAR
Bakıda bayram yarmarkaları davam edir
Bakı, 29 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Yeni il münasibətilə dekabrın 28-dən 31-dək paytaxtın Binəqədi rayonu Dərnəgül yaşayış sahəsində, 6 nömrəli peşə liseyinin həyətində, Xətai rayonu ərazisindəki “Bakı” kinoteatrının yanında, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ünvanda, “Bakı Taxıl” ASC-nin ərazisində, Nəsimi rayonu “Təzə bazar” MMC-nin ərazisində, 3-cü mikrorayon yaşayış massivindəki “Tovuz-Baltiya LTD”nin ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanında, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2 ünvanda, Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanında, Yasamal rayonu, Şərifzadə küçəsi 131 ünvanda - Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında bayram satış yarmarkalarının keçirilməsi qərara alınmışdır.
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları davam etmişdir. Həmin gün yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları və digər ərzaq malları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdi.
Burada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 25 ton məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 5 ton tərəvəz, 6 ton kartof, 7 ton meyvə, 0,3 ton taxıl məhsulları, 10 min ədəd yumurta və s. təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat 50 qəpiyə, soğan 25-30, kartof 40-60, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Ümumilikdə, bayram yarmarkasının davam edəcəyi 4 gün ərzində satışa 100 tondan çox məhsul çıxarılması nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, Yeni il ərəfəsində Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Gədəbəy və Göyçay rayonlarının fermerləri və torpaq mülkiyyətçilərini satışa daha çox məhsul çıxarmağa sövq etmişdir. Bunun nəticəsidir ki, bayramqabağı yarmarkanın ilk günündə, yəni dekabrın 28-də burada 80 tona yaxın məhsul satılmışdır. Dekabrın 29-da isə müvafiq rayonların fermerləri və digər torpaq mülkiyyətçiləri satışa daha 80 ton meyvə-tərəvəz, bostan bitkiləri, mal və qoyun əti, ağartı, bayram çərəzləri və digər məhsullar çıxarmışlar.
Yeni il ərəfəsində yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini mövsümi tərəvəz, o cümlədən yerkökü, çuğundur, kələm, soğan, kartof, xiyar, pomidor, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Yarmarkada mövsümə uyğun məhsullardan olan balqabaq, nar, heyva və digər meyvə-tərəvəzlər daha çoxdur. Məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan iki gün ərzində 20 ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirmişdir ki, qarşıdakı əlamətdar bayramlarla bağlı yarmarkaya gətirilmiş məhsulların çeşidi xeyli dəyişmişdir. Bu da fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox zəruri məhsul çıxarmağa imkan vermişdir.
Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazardakından 25-30 faiz ucuz olması qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır.
Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Qəsəbədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası dekabrın 31-dək davam edəcəkdir. Bu da qəsəbə sakinlərinin ucuz və keyfiyyətli məhsul əldə etməsinə imkan verəcəkdir.
Dekabrın 28-də Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində Şəki, Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından gətirilmiş ümumilikdə 27,9 ton məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, dekabrın 29-da hər iki yarmarkada əhaliyə satılmaq üçün daha 29,1 ton məhsul gətirilmişdir.
Bayram ərəfəsində hər iki yarmarkada mövsümə uyğun meyvələrdən nar, heyva, xurma, həmçinin alma, armud, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, lobya və digər məhsulların, xüsusilə ağartı məhsullarının alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 30-35 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkada paytaxt sakinlərinə satılmaq üçün Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Kürdəmir, Quba, Astara, Daşkəsən rayonlarından, ümumilikdə, 377 ton meyvə-tərəvəz, ət və süd məhsulları və digər ərzaq malları gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov bildirdi ki, dekabrın 28-də əhaliyə bazarlardakından 20-25 faiz ucuz qiymətə 100 tonadək məhsul satılmışdır.
Yarmarkada şəhər sakinlərinə sərfəli qiymətə mal və qoyun əti, yumurta, kartof, soğan, nar, heyva, xiyar, xurma, yerkökü, çuğundur, kələm, pomidor, naringi və digər məhsullar təklif olunur.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından 17,4 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 4 min ədəd yumurta gətirilmişdir.
Yarmarkada Yeni il bayramına hazırlıq üçün növbənöv məhsullar təklif olunur. Alıcılar həmişə olduğu kimi, dekabrın 29-da da kələm, balqabaq, ət, süd məhsulları, yumurta, və s. kənd nemətlərini həvəslə almışlar.
Həmişəkindən fərqli olaraq budəfəki yarmarka, ümumilikdə, 4 gün, yəni dekabrın 31-dək davam edəcəkdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirlər.
Yeni il bayramı ərəfəsində Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada kənd təsərrüfatı məhsullarının satışı davam edir. Burada şəhər sakinləri bazarlardakından 20-30 faiz ucuz qiymətlərə təklif edilən narı, almanı, kartofu, yerkökünü, kələmi və digər meyvə-tərəvəzləri, ağartı məhsullarını həvəslə alırlar.
Dekabrın 28-də yarmarkada Siyəzən, Goranboy, Ağstafa, Bərdə və digər rayonlardan gətirilmiş 18,5 ton məhsul satılmışdır.
Alıcılar burada bazarlıq etməyin daha əlverişli olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, dekabrın 29-da yarmarkaya 19 tondan çox meyvə-tərəvəz, süd və bostan məhsulları çıxarılmışdır.
Ümumilikdə, dörd gün ərzində yarmarkada satışa 70 ton kənd təsərrüfatı məhsulları və digər ərzaq mallaları çıxarmaq nəzərdə tutulmuşdur.