MƏDƏNİYYƏT
Bakıda Birinci Beynəlxalq Kukla Teatrı Festivalının təntənəli açılışı olmuşdur
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən birinci Beynəlxalq Kukla Teatrı Festivalının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq beynəlxalq festival haqqında ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş festival Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrdəndir. Sevindirici haldır ki, festival Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 80 illik yubileyi ilə eyni vaxta düşmüşdür. Beynəlxalq festivalın keçirilməsi teatr sahəsində geniş mübadilələrə, eləcə də Kukla Teatrının fəaliyyətinin genişləndirməsinə təkan verəcəkdir. İndiyə qədər beynəlxalq festivallarda fəal iştirak etmiş Azərbaycan Dövlət Kukla Teatrının bundan sonra da yeni uğurlar qazanacağına inanırıq.
Ə.Qarayev Prezident İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi böyük diqqət və qayğını xüsusi qeyd edərək bildirmişdir ki, teatrların bərpasına ilk olaraq məhz Dövlət Kukla Teatrından başlanılmışdır.
Mədəniyyət və turizm naziri festivalın keçirilməsinə verdikləri dəstəyə görə UNİMA-nın baş katibinə və TÜRKSOY-un nümayəndəsinə təşəkkürünü bildirmişdir.
UNİMA-nın baş katibi Jak Trüdo yeni yaradılan təşkilat haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cari ildə Azərbaycan UNİMA-ya üzv qəbul olunmuşdur.
UNİMA Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan ölkələrin biri-birilərini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə bir festivalın keçirilməsini böyük hadisə adlandırmışdır. Vurğulamışdır ki, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında qardaşlıq və dostluq körpüsü olacaqdır.
Festivalın ilk tamaşası K.Şahmərdanın “Ağ və qara” əsəri olmuşdur.
Gün ərzində Rus Dram Teatrında Özbəkistanın Xorəzm Vilayət Kukla Teatrının “Xivə ləzgisi”, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında həmin teatrın “Xeyir və Şər”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Böyük Britaniyanın “Kağız Kino” Kukla Teatrının ifasında “Üç hekayə” tamaşası nümayiş olunacaqdır.
Festival noyabrın 6-dək davam edəcəkdir.