MƏDƏNİYYƏT
Bakıda “Biz buradayıq! Dünya bizim gözümüzlə” mövzusunda rəsm sərgisi açılmışdır
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Bakıda Azərbaycan Uşaqlar Birliyinin təşkilatçılığı, ABŞ-ın ölkəmizdəki səfirliyinin və Merilənd İnstitutu İncəsənət Kollecinin (MİCA) dəstəyi ilə Xızı məktəblilərinin və küçə uşaqlarının “Biz buradayıq! Dünya bizim gözümüzlə” mövzusunda rəsm sərgisinin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə ABŞ səfirliyinin ictimai əlaqələr üzrə müşaviri Viktoriya Sloan Virtual İncəsənət Təşəbbüsü proqramı çərçivəsində reallaşdırılan layihə haqqında məlumat vermişdir. Bildirmişdir ki, üç həftə davam etmiş proqram uşaqların bacarıqlarının üzə çıxarılması və onlara qayğı baxımından böyük əhəmiyyətə malikdir. Layihə əslində Bakıdan və regionlardan olan küçə uşaqları, aztəminatlı ailələrin övladları ilə amerikalı və yerli rəssamların birgə layihəsidir. MİCA-nın əməkdaşları Ken Krafçek, Natali Tranelli və Ann Kotleba proqram çərçivəsində gənc rəssamlar üçün təlimlər keçmişlər.
V.Sloan uşaqların yaradıcılığına həsr olunan layihənin ABŞ-Azərbaycan dostluğunun əyani sübutu olmasından və iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində mühüm rolundan danışmış, proqramın gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.
Sonra layihə iştirakçılarına sertifikat verilmişdir. K.Krafçek, N.Tranelli və Ann Kotlebaya isə Azərbaycan Uşaqlar Birliyinin fəxri üzvü diplomu təqdim edilmişdir.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.