İQTİSADİYYAT
Bakıda Dövlət Sosial Müdafiə Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilmişdir
Bakı, 11 dekabr (AZƏRTAC). BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek Dövlət Sosial Müdafiə Fonduna (DSMF) gəlmişdir.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə qonaq DSMF-nin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti, fərdi uçot sahəsində görülən işlərlə tanış olmuşdur.
Fondun sədri Səlim Müslümov sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahat tədbirləri nəticəsində Azərbaycanın özünəməxsus sığorta-pensiya modelinin formalaşdığını vurğulamışdır. Bu model müasir sığorta-pensiya sistemlərinin mühüm elementlərini özündə birləşdirir deyən DSMF sədri sığorta-pensiya sisteminin gələcək inkişaf istiqamətlərindən də danışmışdır.
Sistemin inkişafının beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq aparıldığını qeyd edən S.Müslümov sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyənləşdirilməsi və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanacağını vurğulamışdır.
Hazırda layihə üzərində işin getdiyini, bir sıra istiqamətlərdə beynəlxalq təcrübənin öyrənildiyini və müvafiq təhlillərin aparıldığını söyləyən DSMF sədri ölkəmizdə sosial sığorta və pensiya sahəsində reallaşdırılan islahatlarda ən yaxşı tərəfdaş kimi BMT-nin İnkişaf Proqramının səylərini də yüksək qiymətləndirmişdir.
Öz növbəsində Antonius Broek son illər ölkəmizin sığorta-pensiya sistemində əsaslı islahatların keçirildiyini və bu islahatların ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir. DSMF ilə BMT-nin İnkişaf Proqramı arasında uğurlu əməkdaşlığın mövcudluğuna toxunan A.Broek bu münasibətlərin davam edəcəyinə əminliyini vurğulamışdır.
Görüşdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” layihəsinə dair BMT-nin İnkişaf Proqramı ilə imzalanmış Sazişə uyğun olaraq görülən işlər nəzərdən keçirilmişdir. Eyni zamanda, DSMF-də Beynəlxalq Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması və digər əməkdaşlıq məsələləri müzakirə edilərək, həmin istiqamətlərdə işlərin davam etdirilməsi qərara alınmışdır.