MƏDƏNİYYƏT
Bakıda əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi başlamışdır
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Bakıda əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi başlamışdır.
Üç gün davam edəcək tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak etmişlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, açılışda belə tədbirlərin istedadlı əlillərin cəmiyyətə tanıdılmasında, onların yaradıcılığının dəstəklənməsində, cəmiyyətə inteqrasiyasında mühüm əhəmiyyəti vurğulanmışdır.
Sərgiyə baxış zamanı əl işləri təqdim olunan əlillərlə söhbətlər aparılmış, onların belə tədbirlərlə bağlı fikir və düşüncələri, yaradıcılıq qayğıları öyrənilmişdir.
ƏƏSMN, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə respublikanın bütün bölgələri təmsil olunmaqla 125 nəfər əlilliyi olan şəxsin və 20 nəfər sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim olunacaqdır. Onlardan 73 nəfərini qadınlar təşkil edir.
Sərgi-müsabiqənin qalibləri, habelə sərgidə əl işi ilə fərqlənən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün mükafatlar, mükafat almayan hər bir iştirakçıya isə maddi yardım verilməsi nəzərdə tutulmuşdur.