İQTİSADİYYAT
Bakıda əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiyası ilə bağlı beynəlxalq seminar keçirilir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Avropa İttifaqının (Aİ) TAİEX proqramının təşkilatçılığı ilə “Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası və reabilitasiyası, qabaqcıl Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar” mövzusunda Beynəlxalq seminar işə başlamışdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, seminarda ƏƏSMN-in, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə yanaşı, Avropa ölkəsindən olan beynəlxalq ekspertlər iştirak edirlər.
Tədbirin məqsədi əlilliyin tibbi-sosial ekspertizası və reabilitasiyası sahəsində beynəlxalq standartların öyrənilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması, həmçinin qabaqcıl Avropa təcrübəsi ilə tanışlıqdır.
Müzakirələr zamanı beynəlxalq ekspertlər mütərəqqi beynəlxalq təcrübəyə istinad olunmaqla nazirlik tərəfindən atılan islahatyönlü addımları yüksək qiymətləndirmiş və əldə olunan təcrübənin gələcək layihələrin uğurlu nəticələr verməsi üçün əsas olduğu vurğulanmışdır.